Improvisasiya

Get Adobe Flash player

среда, 13 марта 2013 г.

Kompyuter məcarası

Komp
Ay qardaş,bu zalım oğlunun yaratığı möcüzə,az qala məni dəlixanaya salmışdı.Düzü bu "şeytan arabalarına"uşaqlıqdan inanmırdım,amma neyləyəsən,zəmanə dəyişib.Gərək millətdən geri qalmayasan.Birdən elə ağıllı söz eşidirsən,adam xəcalət çəkir.Öz doğma diplomundan utanırsan.Nə isə,çox dinləyib,az anlasam da,qərarım qəti oldu,mənim də kompyuterim olmalıdır.Bu saat hər şeyə fikir verir insanlar.Odur ki,modda olan rəng seçdim,gümüşü.Sonra eşidirsən,eləsini al yaddaşı böyük olsun"mışkanı teleskopik al".Yüz hoqqası varmış bunun.Mən hardan biləydim ki,başıma oyun açacaq.Gətirmişəm evə,qutudan çıxarıb üzünə baxıram,dəvə nalbəndə baxan kimi.İndi yəqin başlayacaq işləməyə.Səbrsizliklə gözləyirəm.Tükü də tərpənmir.Ürəklə bir düyməni basıram.Siçan ciyiltisinə oxşar bir səsdən sonra ekran açılır.O qədər sevinmişəm,şükür,indi işləyəcək...Aha.işləyəcək.Düz on beş dəqiqə lal-dinməz durduq.Ekran birdən sönəndə,hər şey mənə agah oldu-yazıq o ,"virus" dediklərindən əziyyət çəkir.Xəstə kompyuter satıblar.İnsanlara etibar yoxdur bu saat.Ay balam,xəstədir,sağaldın,sonra yenə satın.Bu yazığı niyə zülümə düçar edirsiniz?Əlimi ixtiyarsız "mışkanın" üstünə vururam"Bissimillah".Ekran yenidən açılır.Uşaq kimi sevinirəm."Şükür,sağdır".Nə qədər ki,canı üstündədir zəng eləmək lazımdır,bəlkə kömək oldu.Artıq gec olduğundan,bütün işləri sabaha saxladım.Qapını bir az açıq saxladım ki,birdən gecə halı pisləşər,kömək lazım olar.Nə vaxt gözümə yuxu getdiyindən xəbərim olmadı.Bir onu bilirəm ki,səssiz-səmirsiz xeyli dinlədim qonşu otağı.

Yuxudan tez dururam.Səhər açılar-açılmaz özümü "xəstənin"üstünə atdım.Gördüyümə inanmaq istəmirdim.Kompyuter "gözlərini yummuş",sönmüş ekranda həyat izi itmişdi.Qapını örtüb,firmanın açılmasını səbirsizliklə gözləməyə başladım.Nəhayət nömrəni yığdım.Qısa söhbətdən sonra,başa saldım ki,kompyuter canını bu gecə tapşırıb:

-İndi əməkdaşımız gələcək.Ünvanınızi deyin...

Hər şeyi başa salandan sonra,kompyuterin əvvəldən xəstə olduğuna şübhəm qalmadı.Eybi yoxdur,özləri bilərlər,pulumu qaytarsınlar,qalanı öz işləridir.Otağın pəncərəsini açıb,qapısını bağladım.Virus pis şeydir.Uzaq olsun,birdən evə yayılar.Televizorun qarşısında əyləşib səbirsizliklə gözləməkdən başqa əlacım heç nəyə qalmadı...

Qapının zəngi qulağımın dibində güllə kimi açıldl...Tələsik qalxdım.

-Salam əleykim-cavan oğlan deyəsən yeməkdən heç korluq çəkmirmiş,maşallah,sifəti kompyuter monitoru kimi geniş görünürdü-dərdiniz nədir?-özünü içəri dürtdü.

-Sizin bu kompyuterin...

-Bizim yox,Sizin-cavan oğlan yüngülcə ələ salırdı mən boyda adamı...

-Səc-səmiri yoxdur-güclə özümü ələ aldım...

-Vindu kimindir,bizim,ya özgəsinin?

-Sizinkidir,qardaş,sizinki!-Mən yetim hardan tanıyıram Vindunu?O qədər gəlib-gedən var ki.Özləri bilər.Bu xaricilər də lap bezdiriblər.Söz-söhbət pis şeydir,odur ki,bir daha fikrimi tamamladım-Sizin Vinduzudur!

-Onda,Ok!-Allah kəssin bu yaramaz sözləri dilimizə salanları.Sonra mənə çatıb ki,bu,"müsbət "mənada işlənən kəlmədir.

-Diriləcəkmi?

-Oynaya-oynaya-zalım oğlu elə bilirdin qəsdən istehza edir.

Bir neçə dəqiqədən sonra,düymələrin şaqqıltısından qulaq tutulurdu.Nəyi isə yazıb-pozur,nə isə soruşurdu.Başı çıxan adamlar kimi özümü o yerə qoymadan suallara cavab verirdim.Nəhayət əlini saxladı.

-Antivirus proqramı lazımdır-qəti nəzərlə üzümə baxdı.

,,Ay,insafzızlar,mənim sizə nə pisliyim keçmişdi ki,bu xəstəni mənə yük elədiniz?Bir virusumuz çatmırdı.Dərdi-səriniz azmış kimi,hələ qorxuyla da yaşamalıyıq...,,

-Nə deyirsiniz?-ustanın səsi məni fikirdən ayirdı.

-Nə deyəsiyəm ki,quraşdırın...

-On manat...

-Nə on manat?-key kimi dilləndim

-Proqramı qurmaq on manatdır-zalım oğlu elə bil pul ölüsüdür-düzdür ayda bir dəfə təzələmək lazım olacaq.

-O da on manat!-sakit danışmağa artıq hövsələm qalmamıdı.

-Özünüz təzələyə bilərsiniz-usta ehtiyatla dilləndi-təmiz disk gətirin,proqramın üzünü çıxarım verim...

-On manata!?

-Beşə!

Beləcə istehzalı atmacalarla məsələni həll etdik.

-Sizin ki,Netiniz yoxdur-ustanın gözü işıqlandı.Buradan da pul qoparmaq olar.

-Yox,yoxdur!-başa düşmədiyim suala qəti cavabım özümə də gülməli gəldi.

-Qoşulmaq isəyirsinizsə,qoşaq.

-Bu neçəyə başa gələcək!?

-Telefonunuz var?-cavan oğlan sualımı cavabsız qoydu.

-Buyur-cib telefonumu ona tərəf uzatdım.

-Ev telefonu...

-Qurbandır- radiotelefonu az qala gözünə soxacaqdım...

-Bizə Sizin xəttiniz lazımdır!

,,Zalım oğlu lap məni dolayır haa,,-ancaq özümü ələ aldım:

-Hansı xətti istəyirsiniz,qurbandır...

-İstəsək də,istəməsək də,başqa yol yoxdur-usta da samovar kimi qaynamağa başladı.Bəs nə,mən yazıq qalmışam bir xəstə kompyuterin,qanmaz ustanın əlində.Mən insan deyiləm?Aldım ki,işim yüngülləşsin,ev dəlixanaya dönüb.Baş götürüb qaçası olmuşam.

İndiki uşaqlara həsəd edirəm,elə bil ana bətnində kompyuter kursu keçir zalım uşağı.Ağlı kəsmir,di gəl ki,ya telefon oynadır,ya da kompyuteri qurdalayır.Qonşunun oğlu gəlməsə,bu gün ya usta,ya da mən bu gözəl dünyadan həzz almayacaqdıq.Müharibə vəziyyətində idik.

Allah üzümüzə baxdı,qonşu uşağı gəldi ki,təzə kompyuterə baxsın.,,Xəstə və viruslu,,kompyuterə.Xətrinə dəymədim,halbu ki,virus ona da keçə bilərdi.Əl-qərəz,mən qaldım bir tərəfdə,bunlar usta ilə doğrayıb tökürlər.Gözüm qalıb kompyuterdə,xəstə şeydir,bu saat yenə əsməcəyə düşəcək,biabır olaq.Bu balaca da bir tərif vurur,bir tərif ki,elə bil yeganə kompyuterdir dünyada.Uşaqdır ,ağlı kəsmir.Xətrinə dəyəsi deyiləm ki.Nə danışdılar,nə qərara

gəldilər,bilmirəm.Üşaq məndən pul götürüb qaçdı unvermağa.Əlində bir dəstə zir-zibillə on beş dəqiqəyə qayıtdı.Məni bir şey maraqlandırırdı,kompyuterin,,ürəyi getməsin,,.Nə isə,özümü işə saldığımı yaxşı dərk edirdim.

-Dayı-qonşu uşağı nəhayət dilləndi-əla komputerdir.Proqramlar yazacam Sizə,istəsəniz tanklarla,,Müharibə,,edərsiniz.

Lap çaşdım,,Bu xəstə hələ güllə də ata bilir?Halım lap korlandı.Axı neynirdim bu problemləri?.

-Hazırdır-ustanın səsində rahatlıq hiss olunurdu.

-Sağ ol-qısa cavab verdim.
Qonşu uşağı gedəndən sonra usta ilə çay içib söhbətləşdik.Bir neçə fikirlərini açıqladı.Pul da götürmədi,nə vaxt lazım olsa kömək edəcəyini bildirib sağollaşdı.
Bir neçə həftədən sonra,hər şey adi hala çevrilməyə başladı.Bütün qorxularımın nə qədər gülməli olduğunu anladıqca,həmin gün xoş bir xatirəyə çevrilir.Əlbət ki,kompyuterlə qarşılıqlı məhəbbətimiz bütün çətinliklərimizə üstün gəlir.Yeri gələndə mən də ,,ağıllı,, kimi danışıram.Demə nootbuklar ikinüvəli olurmuşlar,,,fleşka,,-balaca elektron araba imiş,bir komputerdən başqasına,,yük,, daşımaq üçün.Kasperski müəllimsə,mehriban və xeyirxah insandır,həmişə kompyuterləri ,,viruslardan,,qorumağa hazırdır.Bəs nə bilmişdiniz? Hələ çox şeylərdən halı olub,sizə çatdıracağam.İnşallah!

İlham İdrisoğlu Brest.04.03.2011

Комментариев нет:

Отправить комментарий