Improvisasiya

Get Adobe Flash player

четверг, 12 июля 2012 г.

Əcaib müharibə



                         Əcaib müharibə
     Yəqin bu qeyri adi ifadə         oxucunu  təəccübləndirəcək.Müharibənin gözəli olmaz.Razıyam.Ancaq torpaqlarımızın üstünə çökmüş bu qara müharibə buludu haqqında başqa söz tapa bilmədim.İyirmi ildən çox davam edən nə müharibə,nə sülh vəziyyəti ancaq belə ada layiqdir.Məqsədim olub-keçənləri mülahizə etmək deyil.İsərdim tarix boyu baş verən bütün müharibələrin insanlıqdan kənar bütün xüsusiyyətlərini bir daha xatırladım.Əsarət altında qalan şəhər və kəndlərimizin son kərpicinə qədər sökülməsi,tarixi abidələrin yerlə yeksən olması vandallığın parlaq nümunəsi deyilmi?Dinc əhalinin vəhşicəsinə kütləvi qətli faşizmin əlamətlərindən xəbər vermirmi?Bir dəstə quldur və başkəsənlərin qarşıduran dövlətin başçısı olması bu məntiqsiz müharibədə güdülən məqsədlərin kökünü açıqlamırmı? Hər cür məntiqdən kənara çıxan iradlar ağlı başında olan insanlarınmı dilindən çıxır?Arxa durub dəstək verən ağalar görmürlərmi bu haqqsızlığı?Öz evimizdə bizi günahkar etmək cəhdlərini necə qiymətləndirək?Son yüzilliyin insan üçün ən böyük bəlasına çevrilən narkomaniya və terrorizmin cığırlarından birinin dünyanın cənnət guşələrindən olan Qarabağın sinəsindən keçməsi nə qədər laqeydliyin təzahürüdür?Çox saymaq olar.İndi görün bu əcaib müharibədir,ya yox?...
     Nə səbəbdən üzüm gülsün,a dünya?!
Haray çəkir,Laçın bizi səsləyir
Nə səbəbdən üzüm gülsün,a dünya!?
Torpağımda yad nəfəslər əsnəyir.
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Ələsgəri qurban verdik,niyə biz?
Bəd əməli yaxşı bildik,niyə biz!?
Çox dərsləri yaddan sildik,niyə biz!?
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Naxçıvanı ayrı saldıq,barışdıq!
Göyçə getdi,aciz olduq,barşdıq!
Nə dedilər çəpik çaldıq,barışdıq!
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Kəlbəcəri tapdaq etdi yağılar,
Yazılacaq hələ neçə ağilar.
Danışmıram,yoxsa dünyam dağılar.
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Canımızdan canı verdik özgəyə,
Ad qoydular,baxmadılar güzgüyə.
Ağrılarım sığışmayır yer ,göyə,
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Zəngilansız,Qubatlısız qalmışıq.
Evimizdə ,,qaçqin,, adi almışıq,
Müvəqqəti neçə yuva salmışıq!
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Füzulinin adı qalb,özü yox,
Viran olub,babaların izi yox
Yerə dəyib Qarabağım dizi yox
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Əsgəransız,Xocalısız,Ağdamsız,
Kişilik yox,düşmən dinsiz,imnsız.
Dayaq verib,arxa duran amansız!
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Boylanıram,zirvələri kövrəldir.
Murovumu düşmən didir,əridir!
Tərtərimin suyu yaşdır,qəhərdir,
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Torpağından yoğrulmuşuq,neyləyək.
Neçə kərə ovulmuşuq,neyləyək.
Evimizdən qovulmuşuq,neyləyək.
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Hərdən qalxır günbatandan yağışlar.
Damlaları göz yaşımla qarışar.
Bir ağlasaq Araz dolar,Kür daşar!
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Niyə belə amansızsan,qətisən?
Ədaləti doğramağa itisən.
Düyünlərin açılmayır,çətinsən!
Nə səbəbdən üzüm gülsün,a dünya!?

Şuşa yoxdur,Cəbrayılı vermişik,
Düşmən ilə boş söhbətə girmişik.
Neçə-neçə bəd üzünü görmüşük.
Nə səbəbdən üzüm gülsün,a dünya!?

İlham İdrisoğlu 22.05.2010 Brest

    Əziz həmvətənlər,gördüyünüz kimi bu sətrlər uzaq Belarusiyada yazılıb.Brest yaxşı bilir müharibənin ağrılarını.Tez-tez Brest qalasını gəzəndə ixtiyarsız talan olmuş torpaqlarımız gəlir gözümün qabağına.,,Üzün qara olsun,müharibə,,-deyirəm.Axı səni kim fikirləşib?...İnsan bu dünyaya bununçünmü gəlib?

                              Ey insan!                                                                
                                     ,,Dünya mənim,,-deyən insan
                                      Unutma ki,bir qonaqsan.
                                                  ***
Yaxşılıq et,xeyir dilə.
                                      Keç dünyanı gülə-gülə
                ***
Süleymanlar qılınc çaldı.
Dünya həmin dünya qaldı
               ***
İsgəndərin nərəsinə
Gətirmədi heç kəs sinə.
   ,,Əbədiyəm,,-deyə-deyə 
   Gurban getdi nəfisinə
                  ***
Sev vətəni,sev torpağı
Müqəddəsdir hər ocağı.            
Neyləyirsən o diyarı
   Sinəsində gəzsə yağı!?
   
                               İlham İdrisoğlu Brest   1999 
       
Ağrıyır könlümüz,inciyirik.Cavab tapmaq çətindir...Dünyamız yorulub...
 ◊ Gün getdi bu axşam,sabah gələcək.

Boylandı üfüqdən,yorğun baxışla,
Gün getdi bu axşam,sabah gələcək.
Boyadı göyləri min bir naxışla,
Gün getdi bu axşam,sabah gələcək.

Yorulub,dünyamız baxmır sözünə.
Hey tozu-tüstünü yaxır üzünə.
Yenə də nə isə dəyib gözünə,
Gün getdi bu axşam,sabah gələcək.

Bəlkə də ağlayir gecələr xəlvət.
Ana tək içində eləyir xiffət.
Alovlu könlündə məhəbbət,nifrət,
Gün getdi bu axşam,sabah gələcək.

Bizə hali deyil,o göylər bilər.
Nə vaxt tufan olar,qaynayar sellər.
Yəqin yaxınlaşır qəmlər,nisgillər,
Gün getdi bu axşam,sabah gələcək.

Gələcək, isitsin soyuq suları.
İşığa qərq etsin qaranlıqları.
Oxşasın,qoxlasın ormanlıqları,
Gün getdi bu axşam,sabah gələcək.

Neçə könüllərə həmdəm olacaq.
Neçə dünyalara sevgi salacaq.
Neçə səadətə şahid olacaq,
Gün getdi bu axşam,sabah gələcək.

Üşüyən çiçəklər yolunu gözlər.
Bezər tənhalıqdan cığırlar,izlər.
Qoy bir az dincəlsin istəkli gözlər,
Gün getdi bu axşam,sabah gələcək.

İlham İdrisoğlu Brest 27.05.2010

   Belə bir zamanın övladlarıyıq.Tale payımıza bunu yazıb...,,Əcaib müharibə,,də gördük...Xocalı faciəsini Tanrı yazdı alnımıza...
           Bəyaz qar üstünə qan yağacaqmış...

Nə bilsin, onsuz da yuxusuz qalan
Ana son laylanı çalır bu gecə.
Arzuyla, diləklə, xoş xəyallarla
Körpə balasıyla qalır bu gecə.

Nə bilsin o körpə, ana qoynunda
Vətəndən vətənə pənah aparır.
Axrıncı aşrımın son addımında
Analı günləri bitir, qurtarır.

Nə bilsin o qoca, baba yurduna
Dünən ayaq basıb, çörək tapanlar
Qanlı əlcəyini geyib bir səhər
Adi insanlığı atar, tapdalar.

Nə bilsin ayazlı, ulduzlu gecə
Bəyaz qar üstünə qan yağacaqdır.
Dağların buzunu yuyub-əridən
Bahar yox, odlanan min bir ocaqdır.

Nə bilsin yuxuya gedən qayalar
Səhəri açacaq ah-nalələrlə.
Günahsız körpəni qoruduğuyçün
Tək-tənha qalacaq min güllələrlə.

Nə bilsin uzağı yaxın eyləyən
Aşrımlar, dolaylar, gizli cığırlar
Azadlıq,qurtuluş, həyat yolunda
Dönüb olacaqlar əbədi məzar.

İlham İdrisoğlu Brest, 24.02.2010   18:50

     İyirmi ildir yaşayırıq bu ağrılarla.Bir dəfə internetdə bütün yaxınlarını itirmiş Xocalı cakini Əsli anamızın kiçik video çıxışına baxdım,,Bu dərdi heç düşmənimə də diləmərəm,,-dedi Əsli ana.
           
                                                 Əsli anamıza

                                         Buza dönən qəlbin od tək yandırır.
                                         Buzun belədirsə,odun nə imiş?
                                         Gözündə donubdur o qöş gecəsi
                                         Daрların zirvəsi saçına enmiş.

                                         Gözlərinə qurban,dəryadan dərin
                                         Dənizlər də daşar sən ağlayanda.
                                         Bilmirəm,nə haqqda düşünür qəlbin
                                         O qarlı gecəni xatırlayanda...

                                         Nə deyim,qismətin niyə belədir?
                                         Deyirlər,talelər göylərdən gəlir.
                                         Nədən başlayşm mən,harda susum mən?
                                         Şəkillər yaşayır,baxışlar dəlir.

                                         Hər gözdə min arzu-dilək yaşayır.
                                         Hər baxış ümidlə,fərəhlə gülür.
                                         Faciələr dolu Xocalımızdan
                                         İllərin yaddaşı oyanır,gəlir.
                                       
                                         Səsin titrəsə də duruşun məğrur.
                                         Qoy düşmmən kəlməni bir də dinləsin.
                                         Qatilə bu dağı diləməmək də
                                         Deyil cəsarəti,bilin,heç kəsin.


                                   İlham İdrisoğlu 26.02.2011 Brest
     Kimsə olar yalnış düşünər.Vətən həmişə Vətəndir.Ağrısı da bizimdir,sevinci də...
                    Ey odlar diyarı,Azərbaycanım!
     Ey odlar diyarı,Azarbaycanım!
Odunun közünə qurban olum mən!
Yolunda halaldır son damla qanim
Adının özünə qurban olum mən!

Zirvəsi görünməz uca dağların,
Nərgizdən,lalədən xalça yaylağın.
Gəlir qulağima səsi atlarin.
Təpənə,düzüna qurban olum mən!.

Babak,Koroğlulu dönməz ordusan.
Nizami,Füzuli,Vurğun yurdusan.
Ələsgər sazının ilhamçısısan.
Sazına,sözünə qurban olum mən!

Sinənə vurulan yaralar dərin.
Yağı taptağına dönüb ellərin.
İlhamın qəlbində donub dərdlərin.
Kədərli gözünə qurban olum mən!

İlham İdrisoğlu Brest 1997

◊ ,,Vətən,,adlı sazım qaldı

Ayrılanda bir gün səhər,
O yerlərdə gözüm qaldı.
Ürəyimi aldı qəhər,
Deyilməmiş sözüm qaldı.

Yaddan çıxmaz qum ovduğum,
Gündə yanıb,qaraldığım.
Üstü ilə top qovduğum
Çəmənlərdə izim qaldı.

,,Üçtəpəydi,, qarlı dağım,
Söyüdlükdü güllü bağım.
Vüsalna catmadığım
Neçə güllü yazım qaldı.

İlham,tale bir cığırmış,
Düzlər keçib,dağ aşarmış.
Sinəm üstdə,çalınmamış,
Vətən adlı sazım qaldı.

İlham İdrisoğlu 08.07.2010 Brest
   Xocalı soyqırımı silkələdi bizi,ağlımıza gəlməyən başımıza gəldi.Filmlərdə baxdığımızı gözümüzlə gördük.Halına yandıqlarımızın yerində durduq.Bizə təsəlli verdilər.Bunu yaşamaq çətindir,barışmaq olmur.Nə idi günahı yüzlərlə əliyalın,günahsız insanların?Tale belə qismətlərmi yazarmıış?
              
                              
                                         Xocalım!

                              Arxadan açılan qatil gülləsi
                              Eylədi qəlbini talan,Xocalım!
                              Yırtıcı qurdlarla o qış gecəsi
                              Əli boş ,üzbəüz qalan Xocalım!
                                              ****
                              Açılan səhərə qaldı ümidin.
                              Çağırdın,hay çəkib kömək dilədin.
                              Diz qoyub ayağa dura bilmədin.
                              Üstünü qatillər alan Xocalım!
                                              ***
                              Dəhşətdən dartıldı qaşı dağların.
                              Bir az da ağardı başı dağların.
                              Yaşına qarışdı yaşı dağların.
                              Çaylağı qan ilə dolan Xocalım!
                                               ***
                              Yanan könlümüzdə ağıya döndün.
                              Odlu bayatıya,nağıla döndün.
                              Bir Zümrüd quşuydun,hey yandın,durdun.
                              Qanadını yana salan Xocalım!
                                               ***
                              Ay İlham,Tanrıdan dilə dözümü.
                              Dəhşətlər kor edər ağlar gözünü.
                              Sinəmə basdığım telli sazımı
                              Qanlı mizrab ilə çalan Xocalım!

                               İlham İdrisoğlu Brest 24.02.2010 19:15   
Bu faciə,soyqrım tarixin qanla yazılan səhifələrindəndir.İstərdim ürək sözlərimi hamınlza deyim.Şeirlərlə...
                              
                  A Tanri, möhlət ver...

A Tanrı,möhlət ver,ümid ver bizə,
Şuşa qalasını bir də dolanaq.
İsa bulağından içib doyunca.
Gəlin qayasını seyrə yollanaq.
***
Möhlət ver,ümid ver,kəsmə rəhmini.
Natəvan nənəmin gözü yoldadır.
Qacarı sındırıb, geri qaytaran,
Alınmaz qalanın könlü dardadır.
***
Tərtərə baxıram,qaynayıb axır.
Gətirir dağların ab havasını.
Cırıq keçə üstdə yuxuya gedər,
Qaytar insanlara yurd-yuvasını.
***
Babalar ruhunu yad etsin deyə,
Dikilib dağlara həsrətli gözlər.
Yaralı könlünə nalələr salr
Çoban tütəyiylə oyanan düzlər...
***
Möhlət ver,a Tanrı,xari bülbülə
Yoxsa ürəyini odlar nəğməsi.
Nə yaman ağırmış,necə çətinmiş,
Babalar yurdunda yağı nəfəsi!


İlham İdris oğlu .Brest 20.07.2009.

                           Bayatılarla...
                Əzizim, gülə-gülə
                Ağlaram gülə-gülə
                Gün olsun Azərimə
                Azadlıq günü gələ.

               Əzizim,zaman-zaman
               Çəkilər çisgin,duman   
               Hər dərdə dözmək olur,
               Vətənin dərdi yaman.

                Ə zizim,qoca dağlar!
                Göylərdən uca dağlar.
                Qoynunda yağı gəzir,
                Qovrulur saca dağlar.

                 Bu qala,daslı qala,
                 Baharlı,qıslı qala.
                 Vaqifini ağlayır.  
                Gözləri yaşlı qala.

                 Qarabağ bülbülləri
                 Oxşayır könülləri.
                 Toylarşün qönəələndi,
                 Yas apardı gülləri.

                Ay ellər,bizim ellər
                 Qoynunda gəzim ellər
                 Heç bilmirəm bu dərdınə
                 Mən necə dözüm ellər

                Ilham Idrisoğlu Moskva 1993
          
          

                                 Bayatılar

                        Gözlərim dağa baxdı.
                        Çəmənə,bağa baxdı.
                        Ayrılanda Vətəndən
                        Yaşı sel kimi axdı...

                               Saçları bəyaz dağlar,
                               Quzeyi ayaz dağlar,
                               Gizlənmə duman-çəndə
                               Seyr edim bir az, dağlar...

                        A dünya,qəmli dünya
                        Kədərli,dəmli dünya.
                        Sevincdən ,ya kədərdən
                        Gözümüz nəmli,dünya?!
                           
Mən aşiq bu dünyaya,
Qarışıq bu dünyaya.
İblis kölgə salmasa,
Çatar işıq dünyaya

                           Qurban olum o torpağın
                          Qayasına,boz daşına
                          Qurban olum ataların...
                          Ürək verən baş daşına...

              İlham İdrisoğlu Brest 2011
                      
◊ Bu oğulu doğan ana xoşbəxtdir(Milli Qəhramanımız Mübariz İbrahimovun xatiəsinə)

                  Gülləsindən düşmən yandı,qovruldu,
Pis niyyəti öz başına sovruldu,
Gizləndiyi yuvayacan qovuldu,
Nə çəkindi,nə dayandı-yoruldu,
Bu oğulu doğan ana xoşbəxtdir!

Qanmazlarin haqqlı verdi dərsini,
Xatirlatdı Koroğlunun irsini,
Silkələdi,tutduqları kürsünü,
Bircə anda ağızları ovuldu,
Bu oğulu doğan ana xoşbəxtdir!

Gecə ova çıxanları ovladı,
Yol kəsənin yollarını bağladı,
Qaçdı yağı,sərçə kimi dağıldı,
Geniş dünya başlarına dar oldu,
Bu oğulu doğan ana xoşbəxtdir!

Vətən hissi alov saldı könlünə,
Neçə şirin kəlmə gəldi dilinə,
Geri baxdı-obasına,elinə,
Öz adını ləyaqətlə qorudu,
Bu oğulu doğan ana xoşbəxtdir!

Gözü güldü qatilləri əyəndə,
Daşdan-daşa özlərini döyəndə.
Qəfil güllə sinəsinə dəyəndə,
Vətəninin qayasına sarıldı,
Bu oğulu doğan ana xoşbəxtdir!

İlham İdrisoğlu Brest 20.07.2010


◊ Dağlar19.01.2011


Ulu Tanrı,rəhmin hanı
Çəkilibdir dara dağlar?
Necə yusun günahını
Yada səngər duran dağlar?
***
Damarında donub qani.
Babaların yurdu hanı?
Sinəsində lalə yanır
Başın çalıb qara dağlar.
***
Təslim düşüb,aciz qalıb
Bəd gözlərə tikan olub.
Zirvəsindən qanad çalıb
Qartal qiyyə vuran dağlar!
***
Dünya yaman hala düşüb
Zülmət qara yola düşüb
Könlüm yaman hala düşüb
Bu dərdimə çara, dağlar!
***
Kəkliklərin şən nəğməsi,
Qayaların qabal səsi
İlham üçün müqəddəsdir
Onlar gedib hara,dağlar?!

İlham İdrisoğlu 13.03.2010 Brest


A dağlar!

Dolmuş bulud kimi enib sinənə
Yerinə,yurduna yağım,a dağlar!
Son damla göz yaşım qurbandır sənə
Təki çaylağında axım,a dağlar!

Qısqanclıq edirsən niyə,bilmirəm
Yolları kəsmisən,gələ bilmirəm.
Axan göz yaşımı qəsdən silmirəm
Sulansın ,qoy Qarabağım,a dağlar!

Olsa ixtiyarım zalım dünyada
Gələrəm qoynuna payi-piyada.
Eybi yox,sönsəm də daıda,qayada
Günəşlə üstünə doğum,a dağlar!

Sənədir ümidim,qoru izləri,
Yaylağı,çeşməni,tənha düzləri.
Bir gün səsləyəcək şən bülbülləri
Almalı,heyvalı bağım,a dağlar!

Hərdən elə billəm lap yanımdasan
İlhamın canIndan axan qanısan.
Bizi güzləməyib yadlara qalsan
Yandırar dünyanı dağım,a dağlar!

İlham İdrisoğlu 11 mart 2010 Brest
                    
                       
         Getdi oğulların,qayıtmaq üçün
               Nigaran gözlərin hey yol çəkirdi
Axır ki,qayıtdı övladın,Vətən!
Üzə vurmasan da bu sonsuz dərdi,
Yandin,gizli-gizli ağladın,Vətən!

Aldın qucağına,basdın bağrına,
Qürurla boylandın dağlara sarı.
Yüngül məlhəm oldu sonsuz ağrına,
Qoynuna alanda qəhrəmanları.

Bir-birindən igid,ərən oğullar
Yolunda canını verməyə hazır.
Düşdüyün əzabı görən oğullar,
Qanıyla adını qayaya yazır.

Yolun haqq yoludur,canımız qurban,
Neylirik vətəni biz dilim-dilim!?
Gəlirik ,gözləsin hər elin,oban
İçəcək suyundan quruyan dilim.

Getdi oğulların,qayıtmaq üçün!
Qanı bahasına qorudu səni!
Yaralı könlünü ayıltmaq üçün,
Sonuncu baxışda aradı səni.

Əbədi,müqəddəs bayraq altında.
İsti qucağına döndü oğullar.
Tarix taleyinə zülmət qatanda,
Yolunda məşəl tək yandı oğullar.

İlham İdrisoрlu 07.11.2010 Brest


Gül açan Novruzun solmasın,Vətən!

Oyanıb çəməndə bir səhər tezdən
Gül açan Novruzun solmasın,Vətən!
Səməni cücərdib süfrəyə düzən
Ellərin çörəksiz olmasın ,Vətən!
***
Qışı nisgillisən,gözləri yaşlı,
Kədərli,qüssəli,alnı qırışli.
Eybi yox,baharın olsun yağışlı,
Qəhərdən ürəyin dolmasın,Vətən!
***
Açır sinəsini qarlı quzeylər.
Mələşir,düzlərə qaçır quzular.
Süfrəndə min nemət,şirin ruzu var.
Tale onu səndən almasın,Vətən!
***
Çatıb ulduzlarla qovuşsun deyə,
Tonqallar odlanır,ucalır göyə.
Qəlbində tutduğun min arzu,niyyət
Sönüb ürəyində qalmasın,Vətən!
***
Səhərin şehində çimən bənövşə
Gizlincə əl edir gülən günəşə.
Deyişən aşıqlar durub döş-döşə
Sazını kədərlə çalmasın,Vətən!
***
İlhamın sösü çox,hüsnünə qurban!
Sazına,sösünə,səsinə qurban!
O yanan tonqalın hisinə qurban!
Ellərin tüstüsü qalxmasın,Vətən!

İlham İdrisoğlu Brest 9 mart 2010

◊ O görüşün xatirəsi yandırır.


Hərdən olur, şirin yuxu sanıram.
O görüşün xatirəsi yandırır.
Yada düşür daş oluram,donuram,
O görüşün xatirəsi yandırır.

Səbrim gedib,ümidlərim sarsılıb.
Ürəyimdən qara daş tək asılıb.
Ağlayaram qayasına qısılıb.
O görüşün xatirəsi yandırır.

Nə biləydim bağlarını gəzəndə,
Ağ dumanlı dağlarını süzəndə,
Hicran yaşı quruyacaq gözümdə.
O görüşün xatirəsi yandırır.

Ovucumda bircə icim suyu yox.
Varlığımda qışa dönüb,yayı yox.
Şuşasızam,İlham,dərdin hayı yox.
O görüşün xatirəsi yandırır.


İlham İdrisoğlu Brest 03.06.2010

Şəhidlər

Dünən asta-asta dolandığınız
İzlər yad eyləyir sizi,Şəhidlər!
Yolunda can qoyub,qoruduğunuz
Düzlər yad eyləyir sizi,Şəhidlər!
***
Kür axır sükutla,Araz da dolğun
Kəpəzin,Şahdağın çöhrəsi solğun
Xəzrisi kəsilib,dağğalar durğun.
Xəzər yad eyləyir sızı,Şəhidlər!
***
Sukuta qərq olub Oğuz,Lənkəran,
Qəbələ,Qarabağ,Tovuz,Naxçıvan,
Bakıdan Gəncəyə yol üstdə Aran.
Ellər yad eyləyir sizi,Şəhidlər!
***
Analar ağlayır ananız kimi.
Atalar sizlayır atanız kimi.
Tezliklə qurumaz nisgili,qəmi
Gözlər yad eyləyir sizi,Şəhidlər.
***
Həsrətik Şuşaya,Cıdır düzünə
İsa bulağının qaynar gözünə
İpək örpəyını çəkib üzünə
Saz,tar yad eyləyir sizi,Şəhidlər!
***
Yalanmış bu dünya,bir şirin yalan.
Sinəsi gül-çiçək,urəyi talan.
Sevib-sevilməyə,min haqqı olan
Qızlar yad eyləyır sizi,Şəhidlər!
***
İlhamam,tıtrəyir əlimdə qələm!
Neyləsin odlara qalanan aləm!?
Ürək ağrısından yanıb,bükülən
Dizlər yad eyləyir sizi,Şəhidlər!

İlham İdrıs oğlu Brest 2000

Şəhid anası...

Titrək əllərinlə alıb şəklini
Ah çəkib ağlama,şəhid anası!
Dizlərin üstünə əyib belini
Sellər tək çağlama,şəhid anası!

Baxırsan gəldiyi cığıra,izə.
Quzu otardığı çəmənə,düzə.
Yaralı könlünü hey üzə-üzə,
Dünyanı dağlama,şəhid anası!

Ruhu ildrımda,şimşəklərdədir,
Qarabağdan əsən küləklərdədir,
Həsrətli,ümüdlü ürəklərdədir,
Çox matəm saxlama,şəhid anası!

Nə deyim,nə yazım,qələmim donur?
İlhamın dünyası odlanır,yanır.
Sənin dözümündən düşmənlər sınır,
Qara şal bağlama,səhid anası!

İlham İdrisoğlu 10.10.10 Brest

  Qığılcım ol,Vətən üçün alış sən


Kitab açıbb,vərəqləsən keçmişi,
Tariximi Babəklərdən soruş sən!
Ağqoyunlu,Qızılbaşlar yetirmiş
Millətimin qılıncıyla döyüş sən!

Qılınc çaldı,tarix yazdı oğullar
Dastanları,kitab-kitab yığdılar
Qeyrətindən qorxdu,qaçdı yağılar!
Keçmişimlə qürur eylə,qovuş sən

Nüşabənin nəvəsiyik,unutma
Söz verdinsə,irəli dur,qayıtma
Geri qaçıb düşmənini oyatma
Qolun sınsa,baxışınla vuruş sən!

Tarix yazıb,bu qismətdir payımız.
Özgə üstə işıq salır ayımız.
Nalə çəkir torpaрımız,suyumuz,
Gətirmə,gəl bu minvala duruş sən!

Doğradılar,tikə-tikə kəsdilər
Fırtına tək üstümüzə əsdilər
Bəsdir,qardaş,göz kor edən tüstülər
Qığılcım ol,Vətən üçün alış sən!

İlham İdrisoğlu 12.11.2010.Brest


Xəyallar,ay xəyallar!
                     
                                     Xəyallar,ay xəyallar!
                               Nə yaxşi ki,varsınız.
                               Həsrətli  ürəyimi 
                               Vətənə apardınız.
                    Xəyallar,ay xəyallar!
                    Görünməz körpüsünz.
                    Anali günlərimlə
                    Məni görüşdürdünüz.
                              Xəyallar,ay xəyallar!
                              Bir açiq qapısınız.
                              Bağlansaydınız bir an.
                              Yaşardimi atasiz?!.
                     Xəyallar,ay xəyallar!
                     rdən çox odlusunuz.
                     Hərdən yanan ürəyin
                     Bir  içim suyusunuz.
                           Xəyallar,ay xəyallar!
                           Sınmasın qanadınız.
                           Döyün könül qapımı,
                           Müqəddəs qonaqsınız.
                     Xəyallar,ay xəyallar!
                     Ömrümə şahidsiniz.
                     Mən tənha bir yelkənəm
                     Sizsə sonsuz,gen dəniz.
                           Xəyallar ,ay xəyallar!
                           Sinmasin qanadınız,
                           Sizinlə gerçək olur
                           Arzumuz,muradımız...

         İlham İdrisoğlu  Brest yay 2007

◊ Mənim Vətənim var,qibləgahım var17.01.2011


Heç kəs söyləməsin,heç kəs deməsin,
Mənə qürbət eldən vətən olacaq.
İlıq nəfəsindən ürək çırpınıb,
Müqəddəs qoynunda ,gözün dolacaq.

Yorulub ürəyim ,hey haray çəkir
Bacını,qardaşı görə bilmirəm.
Hərdən salamlayıb qohumu,dostu,
Ürək dolusuyla gülə bilmirəm

Köçəri quşlara baxıb səmada,
Körpə uşaq kimi həsəd edirəm.
Hərdən dinləyəndə özüm-özümü
Ürək sızıldayır,deyir-,, Gedirəm,,!

Xoşbəxtəm dünyada indi anmışam
Məmim Vətənim var,qibləgahım var!
Dağlar havasıyla uyuşan gecəm,
Xəzərlə açılan xoş sabahım var!

İllərlə yığışıb bu həsrət,hicran
Ey Vətən qoynuna al övladını
Öpüb torpagını, səcdə edəcək
Kim dadıb ayrılıq,hictan dadınl

İlham İdrisoğlu Brest 04.01.2008
Bu ,,əcaib müharibə,,tarixin imtahanıdır,zamanın hökmüdür.Biz tək deyilik,dünya qanla çalxalanır.Qoy Tanrı bizi bir də belə imtahanlara çəkməsin.Xocalı qanla yazılsa da,yaddaşımızın özəyi olsun,həmişə xatırlatsın bizə tənhalığın,gücsüzlüyün qiymətini...Vətənin başı sağ olsun.
                   

        Qarabağa aparan yol
Qarabağa aparan yol.
Çöhrəsinə buludlardan,
Dumanlardan pərdə salır.
Hərdən baxır oğrun-oğrun.
Küsgün-küsgün haraylayır.

           Qarabağa aparan yol
Əl eyləyir,,burdayam mən,,
Bəs vəfanız haradadır?
Özgəsinə könlüm yatmır
Mənim sevgim Qarabağdır:

,,Seyrə dalaq o dağları
Bir baş çəkək bulaqlara.
Sərinləsin ürəyimiz.
           Sonra düşək yaylaqlara.

           Yox-yox, çirkin deyiləm mən
Kimlər üçün sığal çəkim?
Yuyunuban yağışlarda
Sağ-soluma güllər əkim?

           Qarabağa aparan yol
           Nifətindən,qanqallanıb
           Əzab dolu, qan qarışıq
           Körpə ayaq izlərinin
           Dəhşətini gizlətməkçün.
           Anaların yerdə donan
           Heyrətini gizlətməkçün
           Babaların tapdalanmış
           Qeyrətini gizlətməkçün.

           Qarabağa aparan yol
           Gördüyüylə barışmaqçün
           Tənhalığı sirdaş seçib.
           Dəhşətlərdən yanmamaqçün
           Neçə qanlı yaşlar içib.

           Qarabağa aparan yol
           Tək dolanır obalari.
           Yovşan yığıb dəstə-dəstə
           Hey çiləyir babaların
           Qəribsəyən qəbri üstə

           Qarabağa aparan yol
           Görür Ağdam xarabadır
           Sona bülbül çoxdan köçüb.
           Kəlbəcərdən bir əsər yox.
           Sularından düşmən içib.
          
           Qarabağa aparan yol
           Baxışıyla hey soruşur:
           ,,Nə söyləyək Füzuliyə?
           Deyək nədən belə oldu?
           Arazımın sahilləri
           Axı necə qanla doldu?
           Necə deyək Xan babaya
           Şuşa tara həsrət qaldı?
           Xarı bülbül düşmənlərin
           Tapdağında  sındı soldu?
           Bu tənhalıq,bu ayrılıq
           Yazımıdır yığvalımda?
           Yağı hələ çox gəzəcək
           Qubatlımda,Laçınımda?
           Qarabağa aparan yol
           Zəngilanda,Cəbrayılda
           Susuzluqdan yanan dil tək
           Neçə yerə paralanıb.
           Baxmayın ki,fəryad dolu
           Nalələrlə çox sulanıb.

           Qarabağa aparan yol
           Xocalının fəryadına
           Qış səhəri tək yollandı.
           Namərdlərin sözlərinə.
           Inaninca ,ez allandı.

           Qarabağa aparan yol
           Necə dözdü,kül olmadı?
           Naləc qalıb boylananda
           Sinəsində ana-bala
           Qucaqlaşıb uyuyanda.

           Qarabağa aparan yol
           Qayalara qısılaraq
           Ümid ilə işıqlandı
           Ünü yetib əl verincə
           Gördüyündən bir də yandı

           Qarabağa aparan yol
           Kitabdır ki,vərəqləri
           Nalələrlə cilalanıb.
           Hər sətrinə,kəlməsinə
           Neçə haqqsız qan bulanıb

 Qarabağa aparan yol
           Hey boylanır Kürə sarı.
           Toylar üçün qəribsəyib.
           Üzə vurmur ürəyində
           Qərənfilllər dəstələyib.

  Qarabağa aparan yol
           Xatırlayır,hey kövrəlir
           Sürüləri,otlaqları
           Qayalardan süzüb gələn
           Tütək səsli ovqatları.

  Qarabağa aparan yol
            Sevinirdi,kövrəlirdi
            Qayıdanda el yaylağa
            Necə dözsün on illərdən
            Körpü salan ayrılığa?


           Qarabağa aparan yol
           Düşkünlüyə düçar olub
           Yoğrulduqca yaşda,qanda
           Halsız düşüb,elə bil ki,
           Aralanıb ürək candan...

           Qarabağa aparan yol
           Hey qoruyur ürəyində
           Bir arzunu,xoş niyyəti
           Bir-bir evə ötirəcək.
           Geri dönən bu milləti.,,

           Hicran dağlar ürəyini bu yolun
           Düşmən sıxıb biləyini  bu yolun.
           Ulu Tanrı,ətəyindən tuturuq.
           Yerə salma diləyini bu yolun.

             İlham İdrisoğlu 09.02.2012  Yevlax .Köyük kəndi.

Allah rəhmət eləsin bütün şəhidlərimizə...Tanrı çox görməsin bu niyyəti Qarabağa

Uzaq Belarusiyadan böyük məhəbbətlə...
Murovun ətəklərindən.Soyuq qış gecəsində Yevlax rayonunun kiçicik Köyük kəndindən İlham İdrisoğlu ...fevral 2012


Комментариев нет:

Отправить комментарий