◊ Dil var,qarşısında acizdir bıçaq!
Hər ürək bir alov,hər dil bir ocaq
Sözündə arif ol,yoxsa yandırar.
Dil var,qarşısında acizdir bıçaq
Qalxan parçalayar,qılınc sındrar.
Dil var,loğmanları heyrətə salar.
Bir kəlmə söz desə,dünya nurlanar.
Kədər uzaqlaşar,dərdlər sağalar,
Sönən ürəklərdə min çıraq yanar.
Dil var,müsibətdir o yazıq başa,
Neçə ürəkləri yaralayıbdır.
Nə qədər duz qatıb ləzzətli aşa,
Neçə təmiz adı qaralayıbdır.
Dil var,məhəbbətin xari bülbülü,
Sevən könül üçün nəğmələr desin.
Oyatsın,oxşasın sızlayan könlü,
İlıq kəlmələrlə xoş duyğu versin.
Dil var,çiçəklərdən çəkilmiş baldır,
Neçə yaraların olub məlhəmi.
Götür,şərəfinə badələr qaldır,
Ram edir dünyanı,cəmi aləmi
Dil var,bircə kərə atır oxunu,
Ovunu min kərə nişan alıbmış.
Bir anda məhv edər qanı axanı,
Oxunu zəhərli suya salıbmış.
Dil var,bir nağıldır,bir hekayətdir,
Qulaq as,dünyanın qəmi keçəcək.
Dil var,sahibiyçün şirin nemətdir,
Cənnət bulağından şərbət içəcək.
İlham İdrisoğlu 18.10.2010 Brest
Комментариев нет:
Отправить комментарий