Bəyaz qar üstünə qan yağacaqmış...
Nə bilsin, onsuz da yuxusuz qalan
Ana son laylanı çalır bu gecə.
Arzuyla, diləklə, xoş xəyallarla
Körpə balasıyla qalır bu gecə.
Nə bilsin o körpə, ana qoynunda
Vətəndən vətənə pənah aparır.
Axrıncı aşrımın son addımında
Analı günləri bitir, qurtarır.
Nə bilsin o qoca, baba yurduna
Dünən ayaq basıb, çörək tapanlar
Qanlı əlcəyini geyib bir səhər
Adi insanlığı atar, tapdalar.
Nə bilsin ayazlı, ulduzlu gecə
Bəyaz qar üstünə qan yağacaqdır.
Dağların buzunu yuyub-əridən
Bahar yox, odlanan min bir ocaqdır.
Nə bilsin yuxuya gedən qayalar
Səhəri açacaq ah-nalələrlə.
Günahsız körpəni qoruduğuyçün
Tək-tənha qalacaq min güllələrlə.
Nə bilsin uzağı yaxın eyləyən
Aşrımlar, dolaylar, gizli cığırlar
Azadlıq,qurtuluş, həyat yolunda
Dönüb olacaqlar əbədi məzar.
İlham İdrisoğlu Brest, 24.02.2010
Комментариев нет:
Отправить комментарий