Improvisasiya

Get Adobe Flash player

суббота, 4 июня 2011 г.

Sən bizimsən,biz də sənin,Vətənim.

   
Sən bizimsən,biz də sənin,Vətənim!

Darıxmışdım,dağlarınla qovuşdum
Sən bizimsən,biz də sənin Vətənim
Torpağına,sularına qarışdım
Sən bizimsən,biz də sənin,Vətənim!

Gözləmədin,üstünü tez aldılar.
Tək gördülər,neçə qılınc çaldılar.
Nədən axı belə tənha saydılar?
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Xəzər baxdı gözlərinə,lilləndi,
Aşdı,daşdı sahillərə çiləndi
Sinəsindən qopan tufan dilləndi:
,,Sən bizimsən,biz də sənin,Vətənim,,

Bədniyyətlər Kəpəzimdə donsunlar,
Şahdağıma həsəd edib,sınsınlar.
Murovdağım,qayıdacaq,ansınlar.
Sən bizimsən,biz də sənin,Vətənim!

Qazax,Tovuz,Gədəbəyin qalxandır,
Goranboy,Daşkəsən,Tərtər arxandır.
Zərif,incə Göy Göl solmaz xınandır.
Sən bizimsən,biz də sənin,Vətənim!
5
Tərtər hərdən qılınc olur,doğrayır,
Gah lal olur,gah da coşur,cağlayır,
Qayaların səsi ilə ağlayır:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Araz daşdı,sahilləri gilləndi,
Qanlı suyla hey yuyundu,bələndi
Baş qaldırdı iztirabla dilləndi.
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Lənkəranın,baxcasında,bağında,
Gül-çiçəkli,yaylağında,dağında
Əl eyləyir günəş erkən doğanda:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Qısqanmadı oğullari analar,
İmtahandır,qafil güllə can alar.
Birdən yağı,sakitləşər,allanar,
Sən bizimsən,biz də sənin,Vətənim!

Türk elindən axır gəlir qoynuna,
Bax düzlərin naxışına,donuna.
Kür dolarir qollarını boynuna:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,
10
Qarabağı qanlar yuyb axanda,
Gözün hərdən dirəklənib baxanda.
Naxçıvanım dayaq durdu arxanda:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Unamadın,həqiqəti gec duydun,
Aldatdılar,qılıncını tez qoydun,
Qalxdı,durdu hər mahalın,hər yurdun:
,,Sən bizimsən,biz də sənin,Vətənin!,,

Çinarların tarixinin sirdaşı,
Nizamini xatırlayan yaddaşı.
Deyilikmi Cavad xanın soydaşı?
Sən bizimsən,biz də sənin,Vətənim!

Çaylaqların çınqılları bölünüb,
Para-para sahillərə ələnib,
Sevinirlər yad qanıyla çilənib:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Bulaqlarn gözü kordur,tutulub,
Sularına sanki zəhər qatılıb,
Səsləyirlər Kür üstünə atılıb:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,
15
Qapın açıq,qəlbin geniş,bilirlər,
Bir süfrədə çörəyini bölürlər,
Oğulları köməyinə gəlirlər:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Bircə daş da bəxş etmərik bil,yada
Haram olar duz-çörəyin dünyada,
Qartalların qiyyə vurur səmada:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Şuşamızın qəlbi dolu,həsrətdən.
Cıdır düzü qanqallanıb nifrətdən,
Gec ayıldıq sadəlikdən,qəflətdən
Sən bizimsən,biz də sənin,Vətənin!

Parçalanıb Kəlbəcərin ürəyi,
Ara vermir qasırğası,küləyi,
Çatır düzə dağlarının diləyi:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Gördükləri sinəsinə od salır,
Könlü küsür,yarpaq kimi saralır
Laçın dönmür iradından,yaralı:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,
20
Qubatlının,Zəngilanin talandır,
Elə billəm bir yuxudur,yalandır,
Qəm eyləmə,gözlərini dolandır,
Sən bizimsən,biz də sənin,Vətənim!

Kim viranə qoydu gözəl Ağdamı?
Cəbrayılı bağışlayaq yadamı?
Füzulisiz neyləyirəm adımı?
Sən bizimsən,biz də sənin,Vətənim!

Haqq yoludur,yoxuşları çox çətin,
Qalxa bilsən bir dünyadır hörmətin.
Sınmır yenə zillət çəkən millətin.
Sən bizimsən,biz də sənin,Vətənim!

Oğulların dəhşətlərə dözdülər,
Yağıları bircə-bircə üzdülər
Son damlayla qayalara düzdülər:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Qızlar baxıb sevgisini aradı,
Hey gözlədi,tellərini daradı,
Bayatıya döndü arzu,muradı:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,
25
Dünya niyə haqqsız olub dönübdür?
Neçə çıraq alışanda sönübdür,
Düşmən susub,oğulların dinibdir:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Nəyə lazım yada möhtac bir ürək?
Üzü qara,süfrə üstdə ağ çörək!?
And içirik,bayrağından öpərək:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Səni bizə Nüşabələr saxlayıb,
Qacarları tarix burda yoxlayıb,
Deyəcəyik Şuşamızı qoxlayıb:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Tarixinin güzgüsüdür Qəbələ,
Paytaxtlardan birincidir Qəbələ.
Yadlar onda gəlməmişdi bu elə.
Sən bizimsən,biz də sənin,Vətənim!,,

Neyləyək ki,sadəlöhvük,beləyik,
İnamsızlıq adımıza nalayiq,
Oyadıblar,dayanmışıq ,burdayıq.
Sən bizimsən,biz də sənin,Vətənim!
30
Göz tökürsən,gözəllərdən,gözəlsən,
Cənnət nədir,mənə ondan əzəlsən,
Dərdim olmaz Qarabağla bəzənsən,
Sən bizimsən,biz də sənin,Vətənim!

Əcəminin dəsti,xətti çəkilib,
Minarələr,məqbərələr tikilib,
Xalçalara,kilimlərə tikilib:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Şuşamızı qarış-qarış gəzmişəm,
Kəkotunu səhər-səhər üzmüşəm,
Gözləyərəm,nə qədər ki,dözmüşəm
Sən bizimsən,biz də sənin,Vətənim!

Cəvahirsən,Qafqazların qoynuda,
Mil-Muğanın göz oxşayan donunda,
Bəzənibdir dağ döşündə Şirvan da.
Sən bizimsən,biz də sənin,Vətənim!
34
Xəzər qovur sahillərə xəzrini,
Cənnət edir hər təpəni,düzünü,
Hey oxşayır kədərlənən gözünü:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Verərikmi,Qarabağı,ay ana?!
Dözərikmi,könlün yana,odlana?!
And içirik o müqəddəs adına:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Bir bəladır tarixdə ad sanı yox.
Düşmən cılız,qeyrət adlı donu yox,
Çabalasın,niyyətinin sonu yox,
Sən bizimsən,biz də sənin,Vətən!

Çaylar dolub qəhər ilə axırlar,
Gah susurlar,gah kükrəyib qalxırlar.
Üz çevirib Kürə sarı baxırlar:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Qar çiləyir zirvəsinə dağlarım,
Viran qalıb neçə güllü bağlarım,
Yadaımdadır o Şuşalı çağlarım:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,
39
İrəmələr bozarıbdır həsrətdən,
Sürülərsiz, sarsılıblar xiffətdən,
Tütək deyir oyananda qəflətdən:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Yorulmusan,çəkəcəyik nazını.
Qışın keçir,gözlə tale yazını.
Aşıq deyir kökləyəndə sazını:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Oyanacaq neçə donmuş könüllər,
Çiçəklənən bağlarında min illər
Fəğan edir,cəh-cəh vurur bülbüllər:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Qollarını geniş açdın balana,
Qaçqın düşüb,ümüdləri solana,
Səadətdir qol boyuna dolana,
Sən bizimsən,biz də sənin,Vətənim!

Bir ana tək dərdlərini unutdun,
Məğrur baxdın,yaralıya əl tutdun,
Neçə sönük taleləri ayıltdın.
Sən bizimsən,biz də sənin,Vətənim!,,
44
Dərin vurdu yaraları yağılar,
Düşündülər dünyan sönər dağılar,
Qoy bilsinlər,dəstək verən ağalar:
,,Sən bizimsən,biz də sənin,Vətənim!,,

Oxusunlar qoy,,Sıyrılmış qılıncı,,
Tarixinə nəzər salıb gözucu,
Qoy başına,əbədilik bu taçı:
Sən bizimsən,biz də sənin,Vətənim!

Şah İsmayıl bayraq sancdı qüdrətli,
Batmaz millət,oğul olsa qeyrətli,
Gördünüzmü,düşmən qalıb heyrətli?
Sən bizimsən,biz də sənin,Vətənim!

Vətən eşqi alovludur,sönməzdir,
Yolumuz bir,iradəmiz dönməzdir,
Bu məhəbbət büllur kimi təmizdir-
Sən bizimsən,biz də sənin,Vətənim!

Dur ayağa,apar bizi arxanca,
Barışmarıq bir daş yada qalınca,
Sarılarıq sıyırdığın qılınca
Sən bizimsən,biz də sənin,Vətənim!
49

İlham İdrisoğlu Brest Noyabr 2010

Комментариев нет:

Отправить комментарий